“Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir”.
Bunu TNS-ə deputat Aydın Mirzəzadə xarici işlər naziri Ceyhun Bayramovun İrana səfərinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, İran bizim yaxın qonşumuzdur: "Azərbaycan İranın seçiminə hər zaman hörmətlə yanaşıb, daxili işlərinə qarışmayıb. Heç vaxt ölkəmizin ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyib. Təəssüf ki, bəzi hallarda İran tərəfdən bu münasibəti görmürük. Amma son dövrlərdə İran tərəfindən Azərbaycana qarşı münasibətdə bir yumşalma, yaxşı münasibətlər qurmaq istəyi hiss edilir. İran rəsmilərinin dillərində əvvəlki kəskin ritorika və Azərbaycanın suveren hüquqlarına toxunan bəyanatlar eşitmirik”.
Aydın Mirzəzadə xatırladıb ki, bu günlərdə İran ərazisində iki ölkənin xüsusi təyinatlılarının birgə təlim keçməsi də münasibətlərimizi yeni səviyyəyə qaldırıb: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Məşhəd şəhərinə səfəri bir tərəfdən beynəlxalq təşkilatın tədbirində iştirak etmək, digər tərəfdən isə İran rəsmiləri ilə müəyyən danışıqlar aparmaq imkanı verib. Hesab edirəm ki, iki qonşu ölkə nümayəndələri nə qədər tez-tez görüşsələr və birgə tədbirlər keçirsələr, münasibətlərimiz daha da yaxşılaşar. İran üçün Azərbaycan dünyaya bir pəncərədir. Azərbaycan qonşuluq, dostluq və sədaqət nümayiş etdirən bir ölkədir. Azərbaycan-İran münasibətlərini hər iki tərəfin istəyi olarsa, həmişə daha da möhkəmləndirməyə, daha da yaxşı olmağa yönəltmək mümkündür. Bu istək Azərbaycan tərəfindən hər zaman var”.