Pentaqon birbaşa və ya dolayısı ilə ABŞ-də fəaliyyət göstərən və Vaşinqtonun fikrincə, Çin hərbi sənayesi ilə əlaqəli olan Çin şirkətlərinin yenilənmiş siyahısını yayıb. Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirilən bəyanatda bildirilib. ABŞ hərbi idarəsi Çin texnologiya nəhənglərinin siyahısına oyunlar və sosial şəbəkələr sahəsində liderlərdən biri kimi “Tencent Holdings” (“WeChat” sosial şəbəkəsinin tərtibatçısı), akkumulyator istehsalçısı CATL, çip istehsalçıları “Changxin Memory Technologies Inc” və “Quectel Wireless”, həmçinin dron istehsalçısı “Autel Robotics” şirkətlərini əlavə edib. Qeyd edək ki, hazırda Pentaqon tərəfindən tərtib edilən və hər il yenilənən siyahıya hazırda 134 şirkət daxildir. Xatırladaq ki, siyahıya daxil olmaq avtomatik olaraq hər hansı məhdudiyyətə səbəb olmur, lakin ABŞ hökuməti bu şirkətlərə qarşı əlavə tədbirlər görmək hüququnu özündə saxlayır. Bununla belə, siyahıya daxil edilmək şirkətlərin reputasiyasına xələl gətirə və amerikalıları onlarla iş görməklə bağlı risklər barədə xəbərdar edə bilər.