Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılmasını təsdiqləyiblər. Missiya daha iki il – 2027-ci il fevralın 19-dək fəaliyyət göstərəcək.
Aİ müşahidə missiyasının mandatının uzadılmasının regiondakı proseslərə təsirini "Sherg.az"a şərh edən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa İttifaqının müşahidə missiyası birtərəfli xarakter daşıyır və Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərmək əvəzinə, sülh danışıqlarına mane olur:
"Ermənistan isə bu missiyadan guya Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycanın mövqeyi hər zaman aydın olub: bütün məsələlər yalnız ikitərəfli danışıqlar yolu ilə həll olunmalıdır. Ermənistan isə bu mövzuda israr edir. Bunun əsas səbəbi regionda xarici aktorların sayını artırmaqla öz hərbi və siyasi zəifliyini kompensasiya etmək cəhdidir. Məhz bu məqsədlə Ermənistan ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalayır, Avropa İttifaqına inteqrasiya istiqamətində qanun layihələri qəbul edir və Rusiyanı günahlandırmasına baxmayaraq, Moskva ilə münasibətləri qoruyub saxlayır. Çünki Ermənistan anlayır ki, tək qaldığı halda Azərbaycanın haqlı tələblərini qəbul etməyə məcbur olacaq. Onsuz da keçmiş hərbçilərin sərhəddə binoklla müşahidə aparması Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır. Yeganə risk həmin missiyanın hazırladığı hesabatların Avropada Azərbaycana qarşı təbliğat məqsədilə istifadə olunmasıdır. Lakin Azərbaycan yaxşı bilir ki, Avropa İttifaqı bu məsələlərdə tərəfsiz deyil və Ermənistanın maraqlarına uyğun mövqe sərgiləyir. Buna görə də onların müşahidələri və hesabatları Azərbaycanın milli maraqlarına təsir edəcək qədər əhəmiyyət daşımır. Azərbaycan öz siyasi kursunu müəyyən edib və konkret şərtlər irəli sürüb. Sülh sazişi yalnız bu şərtlər çərçivəsində imzalana bilər. Əgər Ermənistan bu şərtləri qəbul etməzsə, Azərbaycan da prinsipial mövqeyindən geri çəkilməyəcək. Ümumiyyətlə, Ermənistanla hər hansı müqavilənin imzalanmasına ehtiyac varmı – bu, özü belə sual altındadır. Çünki bu ölkə indiyədək imzaladığı heç bir sənədə sadiq qalmayıb və beynəlxalq öhdəliklərini yerinə yetirməyib".