Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14% artıb. Bu barədə “The Times” qəzeti məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, oktyabrda Böyük Britaniya Xəzinədarlığı gələn il hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib. Qeyd edək ki, Britaniya sonuncu dəfə 1980-ci illərin ortalarında soyuq müharibə zamanında müdafiəyə bu qədər vəsait xərcləyib.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illər dünyada gedən proseslər onu göstərir ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün ordusuna və təhlükəsizlik qüvvələrinə ayrılan xərcləri artırsın, ordusunu yeni silahlar və son model raketlərlə təmin etsin.
“Artıq dünyada gücün qalib gəldiyi, qanunların işləmədiyi bir dövrə gəlib çatmışıq. Bu səbəbdən də dünyanın hər yerində böyük maştabda silahlanma gedir. Təkcə mənfur qonşu Ermənistan son illərdə orduya ayırdığı vəsaiti 400 faiz artırıb. Kiçik bir Ermənistan bu qədər artırıb.
Böyük Britaniya dünyanın hegemon ölkələrindən biri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, nüvə ölkəsidir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri orada ordudan təxris olunanların, yəni orduda qulluq etmək istəməyənlərin sayı getdikcə artır. “The Times” nəşrinin məlumatına görə, hər ay 300 nəfərə yaxın əsgər və zabit ordudan ayrılır. Yəni orada hazırda ştat cədvəlinə uyğun 2 mindən artıq əsgər və zabit çatışmazlığı var. Ancaq bu son dövrlər Britaniya da məcburdur ki, hərbiyə vəsaiti artırsın. Gələn ilin büdcəsini artıq 56,9 milyard funt sterlinq-71,3 milyard dollara çatdırıb. Bu da əhalisi 69 milyon əhalisi olan Britaniya üçün böyük vəsaitdir. Ancaq İngiltərə öz təhlükəsizliyini təmin etmək üçün bunu ayırmağa məcburdur”-deyə politoloq əlavə edib.
Elşad Həsənov qeyd edib ki, yeni silahların alınması, yeni raket qurğularının əldə edilməsi, sualtı qayıqların təşkil olunması böyük vəsait tələb edir. Politoloqun sözlərinə görə, təkcə Böyük Britaniya hərbi büdcəsini artırmır, digər ölkələr də hərbi büdcələrini artırıblar.
“Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələri, NATO-ya üzv olan ölkələr Ukraynaya çox böyük dəstək göstərdilər. Bunun üçün də hakimiyyətə gələn yeddinci prezident Tramp bildirdi ki, Avropa ölkələri və ümumdaxili məhsulun 5 faizini hərbi büdcəyə artırmalıdır. Yəni təkcə Amerika yox, elə Avropa ölkələri də həmin vəsaitdən Ukraynaya yardım göstərməlidir. Bunun üçün də ümumi daxili məhsulun 5 faizi ayrılmalıdır. Nə Almaniya, nə Fransa, nə İngiltərə hələ ki, 5 faizə gəlib çatmayıblar. Ancaq onlar da artırmalıdır”-deyən politoloq hesab edir ki, əgər dünyada bu proseslər davam edərsə, onlar məcburən yenidən öz güclərinə baxacaq, hərbi xərcləri artırmaq məcburiyyətində qalacaqlar və bugünkü reallıq onu tələb edir ki, hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalı, müasir silahlar almalıdır.