
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am adlı saxta domeni bloklayıb.
"Report" xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
Onun sözlərinə görə, həmin saxta domen 1 ay bundan əvvəl aşkarlanıb.
İdarə rəisi həmçinin ötən gün bir sıra media qurumlarının, o cümlədən "Report" İnformasiya Agentliyinin saytına da kiberhücumların edildiyini xatırladıb.
Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov isə deyib ki, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, dövlətimizin günü-gündən möhkəmlənməsi heç də hər kəsin sevincinə səbəb olmur: "Bütün bu uğurları gözü götürməyən qüvvələr var. Biz bunu istər dövlət, istərsə də özəl sahələrə qarşı həyata keçirilən kiberhücum tendensiyalarından da görə bilirik. Elə dünən media qurumlarının saytlarına qarşı həyata keçirilən kiberhücumlar dediklərimin bariz nümunəsi kimi özünü göstərir".