
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının sədri Valentina Matviyenkonun Türkiyəyə səfər etməyi planlaşdırdığına dair məlumatlar yayılıb.
Lavrovun səfərinin fevralın 23-24-ü, senatorun səfərinin isə 26-27-də baş tutacağı bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın XİN başçısı ilə görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.
Lakin bu səfərin Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankara ziyarətindən qısa müddət sonraya planlanması diqqət çəkir.
Rusiya Prezidenti Vladimir Putin iki yaxın adamını Türkiyəyə hansı tapşırıqla göndərir? Kremlin məqsədi nədir?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Zelenskinin Ər-Riyadda görüş keçirildiyi bir vaxtda Türkiyəyə səfər edərək Rəcəb Tayyip Ərdoğanla bir araya gəlməsi və Türkiyə prezidentinin Rusiya ilə gələcək danışıqlarda Ukraynaya dəstək vermək haqqında bəyanatları, heç şübhəsiz, Moskvada narahatlıqla qarşılandı:
“Digər tərəfdən ABŞ-ın yeni Prezidenti Donald Trampın Rusiyanın təqdim etdiyi sülh planını bütünlüklə qəbul etməsi də Kremldə müəyyən suallar və şübhələr doğurur. Rusiya bir tərəfdən ciddi şəkildə Trampla danışıqlara hazırlaşır, digər tərəfdən bu planın arxasında ona qarşı hər hansı bir sui-qəsdin olmasından şübhələnir. Buna görə də gələcək danışıqlarda və ondan sonra tələyə düşməmək üçün Kreml yüz ölçüb bir biçməlidir.
Vəziyyəti daha ciddi araşdırmaq üçün Türkiyə zəruri olan imkanları verir. Çünki əslinə baxanda Ankara Trampın təqdim etdiyi sülh planı ilə tam razı deyil və eyni zamanda Avropanın Ukraynaya yardım göstərərək müharibəni davam etdirmək fikrini də dəstəkləmir. Türkiyə Ukraynanın tamamilə Rusiyanın işğalı altına düşməyinin əleyhinədir. Yəni ilk baxışda bu ölkənin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe hər iki tərəf üçün daha məqbul hesab oluna bilər”.
Politoloqun sözlərinə görə, digər tərəfdən Rusiyada Türkiyənin idarəsi altında baş verən hadisələrdən sonra bu iki dövlət arasında müzakirə ediləsi yetərincə məsələlər ortaya çıxıb:
“Əgər bir neçə il bundan öncə Türkiyənin Rusiyadan müəyyən gözləntiləri var idisə, indiki beynəlxalq siyasi şəraitdə Moskvanın Ankaradan asılı hala düşməsi diqqəti cəlb edir. Vəziyyətin bu şəkildə dəyişməsi Rusiyanın uzun müddət hegemon olduğu Cənubi Qafqaza da müəyyən dəyişikliklər gətirəcək. Yəni Moskva bu regionda məhz Ankaranın artıq fəal aktora çevrilməsini nəzərdən qaçırmamalıdır. Beləliklə Kreml Rusiya-Ukrayna müharibəsinin ABŞ-ın vasitəçiliyi ilə aradan qaldırılmasından sonra Cənubi Qafqaza əvvəlki mexanizmlər vasitəsilə təsir edə bilməyəcək.
Bu məsələləri xatırladıqdan sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrovun və digər dövlət xadimlərinin hazırkı təlatümlü dövrdə Türkiyəyə səfər etməsi gözlənilən və başa düşüləndir”.
Ə.İbrahimov bildirib ki, ümumilikdə Sergey Lavrov Türkiyədəki tərəf müqabilləri ilə aşağıdakı məsələləri müzakirə edə bilər:
“Rusiya-Ukrayna Müharibəsi və dalana dirənmiş “Taxıl Müqaviləsi” – Türkiyə keçmiş danışıqlarda, xüsusən də Qara Dəniz Taxıl Müqaviləsi ilə bağlı vasitəçi rolunu oynayıb. Hazırki müzakirələr mümkün yeni razılaşmaları və ya regionda gərginliyin azaldılmasını əhatə edə bilər.
-İkitərəfli Ticarət və Enerji – Rusiya və Türkiyənin güclü enerji əlaqələri, o cümlədən təbii qaz və nüvə enerjisi əməkdaşlığı var. Onlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda iqtisadi əməkdaşlığı müzakirə edə bilərlər.
-Suriya və Regional Təhlükəsizlik – Moskva və Ankara Suriyada əks tərəfdədirlər, lakin koordinasiyalı səylərə malikdirlər. Suriya siyasətində, xüsusilə İdlib və kürd qrupları ilə bağlı hər hansı dəyişiklik gündəmə gələ bilər.
-NATO və Qərbin təzyiqi – Türkiyənin NATO öhdəliklərini Rusiya ilə əlaqələri arasında balanslaşdırma aktı müzakirə mövzusu ola bilər, xüsusən Ankara Moskva ilə münasibətlərinə dair Qərbin nəzarəti ilə üzləşdiyi bir vaxtda.
-Cənubi Qafqazdakı vəziyyət və digər münaqişələr – Ermənistan-Azərbaycan danışıqlarının vəziyyəti və daha geniş regional təhlükəsizlik də aktual mövzular ola bilər”.