"Beynəlxalq Bankın (ABB) blokladığı kartdan vəsaitin oğurlanması haqda dünənki yazımdan sonra mənə çoxsaylı müraciətlər edilir. Sən demə, ABB-da bundan da biabırçı hallar var".
"DİA-AZ" xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov Feysbuk-dakı hesabında yazıb.
O bildirib ki, həm vətəndaşların, həm də şirkətlərin hesabından (kartından) vəsaitlər onlar tərəfindən heç bir hərəkət edilmədikdə belə də silinir:
"Hətta müqaviləyə əsasən, onlara SMS-lə OTP (birdəfəlik parol) gəlməli olduğu halda, OTP gəlmir. Və ya gəlir, amma müştəri onu heç kəsə vermir, banka zəng vurur, lakin bank tədbir görmür, lakin vəsait silinir. Sonra da ABB chargeback (vəsaitin qaytarılması) üçün müştəridən əlavə xidmət haqqı istəyir! Deməyə sözüm yoxdur, sadəcə!".
Hüquqşünasın sözlərinə görə, bütün bu biabırçılıqlar bir tərəfə, onu indi başqa sual maraqlandırır: "İstənilən bankımıza xaricə pul köçürmək üçün gedəndə bizdən topa-topa təsdiqedici sənədlər istəyirlər: kimə köçürürsən, müqaviləni göstər və s. və i.a. Bəs necə olur ki, kartımızdan oğurlanan vəsait haqda arsız-arsız bizə deyirlər ki, pul xaricə köçürülüb, heç nə edə bilmərik?".