
"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Əziz Orucovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.