![Bakı və Moskva arasında böhran Bakı və Moskva arasında böhran](https://dia-az.space/uploads/posts/2025-02/thumbs/1739478735_unnamed-2025-02-12t142951.546.png)
Azərbaycan-Rusiya münasibətlərində gərginlik yüksək olaraq qalır və hətta artmaqdadır. Fevralın 11-də xəbər yayıldı ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə “Rossotrudniçestvo”nun Bakıda fəaliyyət göstərən “Rus evi”nin fəaliyyətini dayandırmaq üçün tədbirlər görülür. Bir gün sonra isə “Rus evi”nin yerləşdiyi binanı tərk etdiyi məlum oldu.
Azərbaycanın hökumətyönlü mediasında da Rusiyaya qarşı tənqidlərin səviyyəsi azalmır.
Amma elə fevralın 11-də də prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq etdi.
Bu saziş daha əvvəl iki ölkənin nəqliyyat qurumlarının rəhbərləri tərəfindən imzalanmışdı. Dəmir yolu infrastrukturunun inkişafı və tranzit daşımalar sahəsində əməkdaşlıq şərtlərini müəyyən edən bu razılaşmanın məqsədi nəqliyyat əlaqələrinin effektivliyini artırmaq və “Şimal-Cənub” dəhlizinin qərb qolu üzrə potensialı yüksəltməkdir.
Göründüyü kimi, Azərbaycanın atdığı addımlarda müəyyən ziddiyyətlər mövcuddur və bu da təbii olaraq suallar və tərəddüdlər doğurur.
Bununla belə, bir çoxları Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluğun mümkün iqtisadi və sosial nəticələri barədə suallar verirlər. Rusiya hansı təzyiq metodlarından istifadə edə bilər? Məsələn, Rusiya Azərbaycanı “Şimal-Cənub” nəqliyyat dəhlizindən kənarda qoya bilərmi? Yoxsa bu dəhlizdən məhrum olmaq Rusiyanın özü üçün də çox ağır nəticələr doğuracaq?
Rusiyada yaşayan azərbaycanlılara qarşı hansı addımlar atıla bilər? Azərbaycanla ərzaq və sənaye mallarının tədarükü üzrə ticarət sazişlərinə yenidən baxıla bilərmi? Üstəlik, rəsmi statistikaya görə, təxminən 500 min Azərbaycan vətəndaşının müxtəlif səbəblərdən Rusiyada yaşadığı və işlədiyini də unutmaq olmaz. Onların sürətlə və məcburi şəkildə Azərbaycana deportasiyası ölkə hakimiyyəti üçün ciddi problemlər yarada bilər.
Pressklub.az-ın bu suallarına Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda cavab verib.
O hesab edir ki, Azərbaycan üçün Ukraynanın təcrübəsi faydalı ola bilər. Çünki Rusiyanın “qardaşlıq münasibətləri” barədə bütün bəyanatlarına baxmayaraq, Ukrayna mallarına qarşı ilk sanksiya hələ 2013-cü ilin avqustunda tətbiq edilib.
“Ümumiyyətlə, Rusiya postsovet məkanında ikitərəfli münasibətlərdə hər şeyi öz istəyinə uyğun qurmağa çalışır. O, tez-tez “əvvəlcə sənin olanı yeyək, sonra hər kəs öz payını götürsün” prinsipinə uyğun hərəkət edir. Və bu, kifayət qədər ardıcıl və maraqlı şəkildə baş verir.
Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Hər şeydən əvvəl, öz maraqlarını müdafiə etməli və Rusiyanın istədiyi kimi hərəkət etmək niyyətində olmadığını göstərməlidir. Çünki prinsip etibarilə, “Rossotrudniçestvo” Rusiya maraqlarını təmin edən bir qurumdur və bu, tamamilə aydındır.
Düşünürəm ki, Azərbaycan hazırda Rusiya ilə bağlı ciddi addımlar atmağa və ya diplomatik əlaqələri kəsməyə hazır deyil. Baxmayaraq ki, AZAL təyyarəsinin vurulması ilə bağlı qalmaqal Kremlin siyasətini açıq şəkildə göstərən hadisədir” – deyə politoloq vurğulayıb.
Bununla yanaşı, o hesab edir ki, rəsmi Bakı çox güman, ikitərəfli sazişlərin müddəalarına sözbəsöz riayət etmək yolu ilə gedəcək.
“Bu, yəqin ki, hazırkı vəziyyətdə yeganə düzgün addım olacaq. Yəni, dialoq üçün müəyyən imkanlar axtarmaq, lakin eyni zamanda öz maraqlarını qətiyyətlə müdafiə etmək. Düşünürəm ki, bu, ən doğru yanaşma olar.
Eyni zamanda, aydındır ki, Azərbaycan diasporu zəif nöqtələrdən biridir. Burada Rusiyanın vaxtilə gürcü diasporuna qarşı təşkil etdiyi “gəmiricilərə qarşı ov” kampaniyasını xatırlamaq olar.
Lakin bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, hesab edirəm ki, məhz Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar öz mövqelərini açıq şəkildə bildirməli və iki ölkə arasında bərabərhüquqlu münasibətlərin olmasını tələb etməlidirlər. Münasibətlər böyük və kiçik tərəfdaş prinsipi ilə qurulmamalıdır”, – deyə Yevgen Maqda fikrini tamamlayıb.