![USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır](https://dia-az.space/uploads/posts/2025-02/thumbs/1739479666_usaid.jpg)
Formal olaraq müstəqil dövlət agentliyi kimi təqdim edilsə də, USAİD əslində ABŞ Prezidenti, Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasına tabe olan bir qurumdur. Onun rəhbəri və müavinləri birbaşa ABŞ Prezidenti tərəfindən Senatın razılığı ilə təyin edilir ki, bu da təşkilatın ABŞ-ın strateji maraqlarına uyğun fəaliyyət göstərdiyini açıq şəkildə göstərir.
2024-cü maliyyə ilində USAİD-in həyata keçirdiyi layihələr üçün təxminən 36 milyard dollar vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə bu agentlik vasitəsilə 335 milyard dollardan çox vəsait xərclənib. Bu qədər böyük maliyyə axını USAİD-in sadəcə humanitar yardım və inkişaf proqramları ilə məşğul olmadığını, daha geniş siyasi və geostrateji məqsədlərə xidmət etdiyini göstərir.
Hazırda dünyanın 100-dən çox ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD, zahirən ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadi inkişaf, səhiyyə, təhsil və demokratiya sahələrində dəstək verməyi hədəflədiyini iddia etsə də, əslində onun fəaliyyəti çox vaxt bu dövlətlərin daxili işlərinə müdaxilə etməyə, ictimai rəyə təsir imkanları əldə edərək siyasi təzyiq mexanizmləri qurmağa yönəlib. QHT və media sektoruna qanunsuz maliyyə axınları təmin edərək, bəzən bu rıçaqlardan istifadə edərək dövlət çevrilişlərinə şərait yaratmaq və müstəqil dövlətlərin qanuni hakimiyyətlərini devirmək cəhdlərində iştirak etdiyi dəfələrlə gündəmə gəlib.
Bu kontekstdə keçmiş ABŞ Prezidenti Donald Tramp və məşhur iş adamı İlon Maskın USAİD barədə səsləndirdiyi tənqidi fikirlər də diqqət çəkir. Tramp bu agentliyi “görünməmiş miqyasda korrupsiyada” ittiham edib, Mask isə USAİD-i “cinayətkar təşkilat” adlandıraraq onun artıq fəaliyyətini dayandırmalı olduğunu bildirib. Bu kimi bəyanatlar təşkilatın fəaliyyətinə dair ciddi suallar doğurur və onun həqiqi məqsədləri barədə geniş müzakirələrə səbəb olur.
Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, USAİD əsasən təbliğat fəaliyyəti ilə məşğul olan və ideoloji istiqamətdə fəaliyyət göstərən bir qurumdur:
"Onun rolu sadəcə müxtəlif ölkələrə maliyyə yardımı ayırmaqla məhdudlaşmalıdır və ayrılan vəsaitin necə xərclənməsinə müdaxilə etməməlidir. Lakin USAİD, əslində, ABŞ hökumətinin maraqlarına xidmət edərək, Ağ Evin ayırdığı maliyyəni digər dövlətlərlə bağlı strateji məqsədlərin həyata keçirilməsinə yönəldir. Bu səbəbdən USAİD-in müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır. Bu addım Vaşinqtonun digər dövlətlərin, xüsusilə də ölkəmizin daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün vacibdir".
Şərhçi vurğulayıb ki, USAİD-ij fəaliyyətini dayandırmasının perspektivdə həyata keçirilməsi, ABŞ-nin fərqli ölkələrdəki siyasi təsir mexanizmlərini məhdudlaşdıracaq və onun müəyyən məqsədləri reallaşdırmasının qarşısını alacaq:
"Azərbaycan müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətini suveren şəkildə müəyyənləşdirir. Buna görə də, ABŞ-nin ölkəmizin daxili işlərinə qarışmasının qarşısını almaq məqsədilə USAİD-in fəaliyyətinin dayandırılması tamamilə haqlı və zəruri bir tələb kimi qiymətləndirilməlidir".