
Mayın 1-dən etibarən Azərbaycan və Gürcüstan arasında dəmir yolu vasitəsilə sərnişindaşımanın bərpa ediləcəyi açıqlanıb. Bu addım nəqliyyat və turizm sektorunun canlanmasına, eyni zamanda regiondakı sərnişindaşıma sisteminin yenidən aktivləşməsinə töhfə verəcək. Bununla yanaşı, bu qərarın digər qonşu ölkələrlə, xüsusilə Rusiya və İranla sərnişindaşımanın açılması istiqamətində yeni imkanlar yaradıb-yaratmayacağı sual doğurur.
Maraqlıdır, bu hadisə digər qonşu ölkələrlə – xüsusilə Rusiya, və İranla dəmir yolu sərnişindaşıma prosesinin yenidən başlamasına təsir göstərə bilərmi? Bu istiqamətdə hansı planlar mövcuddur?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Ajans.az-a açıqlamasında bildirib ki, Gürcüstanla olduğu kimi, Rusiya və İranla da yükdaşıma fəaliyyəti uzun müddətdir ki, davam edir:
"Hazırda həm Gürcüstan, həm Rusiya, həm də İranla yükdaşımalar açıqdır. İranla birbaşa dəmir yolu bağlantımız olmasa da, avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar həyata keçirilir. Pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər əsasən sərnişindaşımaya aid idi. Mayın 1-dən etibarən Gürcüstanla dəmir yolu vasitəsilə sərnişindaşımanın bərpası nəzərdə tutulub. Bunun ardınca avtomobil yollarının da açılması gözləniləndir. Çünki qatarla sərnişindaşımaya icazə verildiyi halda, avtomobil yollarının bağlı qalması məntiqsiz görünür".
İqtisadçının sözlərinə görə, sərnişindaşıma sahəsində növbəti addım Rusiya ilə qatar əlaqəsinin bərpası ola bilər:
"Pandemiyadan öncə Rusiyanın bəzi şəhərlərinə, o cümlədən Moskvaya dəmir yolu ilə sərnişin daşınırdı. Hazırda Gürcüstanla qatar əlaqəsinin bərpası digər istiqamətlər üçün də nümunə ola bilər. Bu səbəbdən yaxın dövrdə Rusiya ilə də sərnişindaşımada canlanma gözlənilə bilər. Hazırda sərhədlərin tam açılması və digər ölkələrlə sərnişindaşımanın bərpası ilə bağlı rəsmi qərarlar olmasa da, ekspertlər bu prosesin mərhələli şəkildə davam edəcəyini düşünürlər. Gürcüstanla sərnişindaşımanın başlanması regionda nəqliyyat əlaqələrinin tədricən tam bərpa ediləcəyinə işarədir".